ABA prezidenti: Azərbaycanda dollarlaşma səviyyəsi azalıb

Azərbaycanda bank sektorunda depozit portfelinin dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlərin dollarlaşma səviyyəsi isə 30,2%-ə enib
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu tendensiya həm milli valyutaya, həm də bank sektoruna olan etimadın artdığını göstərir:
“Bankların məcmu kapitalı da 9,7% artaraq 7,7 milyard manata çatıb ki, bu da sektorun maliyyə dayanıqlığının gücləndiyini təsdiqləyir”, -deyə o qeyd edib.
O əlavə edib ki, bu ilin aprel ayının sonuna Azərbaycan bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 57,4 milyard manata çatıb.
Onun sözlərinə görə, aktivlərin artması bank sektorunun maliyyə tutumunun genişləndiyini və iqtisadiyyatda vasitəçilik rolunun gücləndiyini göstərir.
Z.Nuriyev qeyd edib ki, bank sektorunun kredit portfeli də artım nümayiş etdirib. Belə ki, cəmi kredit portfeli illik müqayisədə 8,9% artaraq 36 milyard manata çatıb. Biznes kreditlərinin həcmi isə 16,3 milyard manat təşkil edib.
