Mən öz həbsxanamı çəhrayıya boyadım… – Əsəd Qaraqaplanın yeni şeirləri

Bu gün tanınmış şair Əsəd Qaraqaplanın doğum günüdür.

42-ciparalel.az Kulis.az-a istinadən şairi təbrik edir və yeni şeirlərini təqdim edir.

Qaf dağında

neçə gündür, səhərin açılmasını
xoşbəxtlik hesab edirəm
həm də heç nəyə görə yox
sadəcə yatmaqdan ötrü…

gün çöldə qalxır, mən isə
dərin yuxuya dalıram
yatıram
gün boyu qarışıq yuxular görürəm – oyanıram
oyanıram
bir neçə saat özümə gəlməklə məşğul oluram…

həyatından çoxu gəlib-keçmiş insanın qərib
təkliyini yaşayıram
hamı içimdə susarkən
dialoqlar havada bir sual kimi eləcə asılıb qalır
heç kimə cavab verəcək halda ola bilmirəm…

İnanc mənə zəng eləyir:
– gəlib anan göndərən pendirdən bir az götürüb gedəcəm
– bu gün gəlmə – bu gün həm də anan gəlir
sabah gəlib götürərsən…

yenə gün boyu bütün reallıqlarım qarışır
duş alıram, amma suyu hiss eləyə bilmirəm
sərinləyirəm, yenə içimdəki yanğın keçmir
günü dərin bir boşluqla yola verməkdən ötrü sakitcə çırpınıram.
“bu gün pis heç bir şey haqda düşünməyəcəm” – deyirəm…

qapı döyülür, açıram, heç kim yoxdur
bu gün də gəlməyənlərə sevinirəm
məsələn, Sevda gəlsə, ona necə davranaram?
sakitcə içəri dəvət eləyərəm?
ya Alara gəlsə, necə?
onu rədd eləmərəm?
ya Nərgiz, ya başqası?
heç birini
bəs dostlarım gəlsə, necə?
şair onsuz sağalıb
Miri rayondan gəlir…

bu evdə mənim təkliyim bunları qaldırarmı?

birdən ev insanlarla yox
suallarla dolub-daşır…

ya o sarı maşın necə?
hamımız ona sığışıb anamın yanına kəndə gedərikmi?
kənddə hamımız toplanıb bir tonqal çata bilərik
axşamçağı?
İnanc sarı botlarımı tapıb gətirərmi mənə?
ya da sarı pişiyimi?..

mən nə qədər sual verirəm – heç nəyin olmadığı bu yerdə?!..

bir çardaqda yaşayıram
külək nə zaman istəsə
məndən soruşmadan gəlib soxulur otağıma
küləyə hər gəldiyində belə misralar deyirəm:

mən Aya tutulub qalmış bir varoluş
həm də yox olmağın hekayəsiyəm
ümidsizliyimi tapdayıb üstünə çıxıram hər gün
baxıram –
həyat burdan ədalətsiz görünmür…

bu qədər obrazın məndə qalan yalnız bir yanı var:
sakitlik
burda nə qalib tərəf var, nə də məğlub
həyat elə bu deyilmi?..

külək indi içəri girdiyində bir şeyi də anlayıram:
çöldəki maşın səsləri başqa bir ritm yaradır
hansı tərəfə baxsam, heç nə görə bilmirəm
bir ağ vərəq görürəm
bir də əlində qanadlar çıxmış qızıl bir qələm…

Qaf dağı kimidir indi var olduğum yüksəklik
bura bir çardaqdır, həm də quş yuvası kimidir
özü burda olmayan
məni bura gətirən bir quş kimi…

xəstə adamların ruhu hər yandan hökm eləyir:
– sən sağala bildinmi?
– mən nə ola bildiyimi bilmirəm –
sadəcə nəsə oldum…

lal dillər hər yerdən sual yağdırır:
– o xətt səni necə xilas elədi?
burda səni azadlıq adı altında yenə də aldadırlar…
– mən heç bunların düşmanı olmadım
– sənin dərdin ağrılarını gizlətməkdir
– mən nə qədər insan gördümsə, o qədər
özümü gördüm – deyirəm…

səhər açıldıqca mənim ətrafımdakı işıqlı
qaranlıqların dili də qısalır
divarlardan kölgələr sürüşür, qonur ürəyimə
onları bu gün qəbul etməyə söz vermişdim
– nə qədər siz varsınız, o qədər varam – deyirəm
– hara gəlib çıxdığın yox
orda necə hiss etdiyin önəmlidir – deyirlər…

sakitcə ciyərlərimdən nəfəsi daha dərindən alıram
daha dərinə endikcə orda necə var oluram – görürəm
– hamımız bir yuxunun hələ həll olunmamış qaranlıq tərəfiyik, –
sərt şəkildə qarşısını kəsirəm və dururam
– hamı burdadır – bilirəm…

yazıdan qalxıb alnımın yazısına baxıram
orda məndən başqa hər kəsi görürəm
– mən bu gün sadəcə yatmaq istəyirəm…

gün qalxır, qanadlarını şəhərin üstünə sərir
mən isə sadəcə onu gözləyirəm – İnancı
gəlib pendiri aparsın
bir də çantamı yığsın – anamın yanına gedim
– bu gün gələ bilməyəcəm, – İnanc deyir, –
deyir, bu gün anam gəlir…

günəş bir az da mənə hər kəs olduğumu deyir
– Simurq səni qaranlıqdan çıxardı
“qa” deyəndə ət verdinmi?
“qu” deyəndə su verdin?
sual – divarların kölgəsi əriyib
günəş içəri düşəndə hasil olur…

– baxıram, arıqlamısan
susuz Məcnun kimisən…
sən yenə sərxoşsanmı
yoxsa hallüsinasiya görürsən?
– indi hər şeyi unutmuş haldayam –
buna nə ad verirsən, ver…
– bu qədər sakitliyin məni dəhşətə gətirir
– kimə toxundum, içindən boşluq çıxdı
– ayıla bildinmi barı?
– “nə yatdım, nə yuxu görəm?!”
– kim gəlsə, bu gün yuxunu təxirə sala bilərsən?
– sadəcə Tanrı gəlsə…
bircə o bilir mənim necə rahat olduğumu…

…səhər qapı döyüldü
açdım, gördüm, İnanc gəlib
sakitcə içəri keçdi
mən də gedib su içdim
– pendiri aparmağa gəlmişəm – İnanc dedi.
– çantamı yığmağa kömək elə, mən də
kəndə getmək istəyirəm…

ikimiz də binanın həyətindən ana yola çıxırıq
o gün ayrıldığımız dayanacağa çatırıq
– bu gün anamı gəzməyə aparacam – İnanc deyir…

sakitcə çantamı alıb rayon maşınlarının
olduğu yerə tərəf getməyə başlayıram
ondan uzaqlaşa-uzaqlaşa başqa
bir dünyada olduğumu hiss edirəm…

birdən anlayıram, bəlkə, bu səhnə –
İnancla görüşdüyümüz
görüşüb danışdığımız
ayrılıb uzaqlaşdığımız hətta
səhərin sükutu belə –
hansısa görünməz varlığın qurduğu bir oyundur…

həqiqət nədir –
yuxuda gördüyün quşlar
yoxsa asfaltın üstündəki addımlar?
bəlkə, ikisi də eyni
tamaşanın müxtəlif pərdələridir?
bəlkə də, ikisi də
məni qaranlıqdan işığa çıxaran qanadlardır
kim bilir?..
axı insan üçün əsas nələr yaşadığı yox
nələri gördüyüdür…

Dəli bir div yalqızlığı

sevgilər ondan asılan dəliliklə doluymuş
sevgilər divlərlə dolu bir dəlilik yoluymuş…

…günəşə heyrət edirəm –
hələ də onlardan ötrü səhər doğur
küləyə heyrət edirəm –
niyə çıxıb getmir bu köləlikdən
onlar – təkləri boğaraq öldürməkdən
sular onları yuyaraq təmizləməkdən yorulur
torpaq bu şəhərlərdə sevgilidən daha dəyərli imiş
ocaq öz-özünü yandırıb torpaqdan çıxa bilir
və zaman – əcəlin atı hər zaman yəhərli imiş…

uşaqlar əli-qolu bağlanmış kölələrdir
topları var, amma oyun yerləri yox
bax – o gənclik qapısından
dartıb ölümə aparır həyata çəkdiyimiz ox…

mən bu izdihamda necə insan olmağı öyrəndim
sonsuz bir yuxusuzluqla gündüzləri fəda etdim
div kimi gəmirib sordum, dəli kimi daşıdım tənhalığımı
milyonca insan içində bircə sevgini tanıdım
bir də azadlığımı…
onu da insanların mənə verdiklərindən yox
aldıqlarından öyrəndim
ən kədərsizi odur:
bunu da öyrənməyi yenə insandan öyrəndim…

mağaralar təkcə insan qanıyla rənglənmədi
ora heyvanları öz qanıyla çizən yalqızların yoluydu
sonra çöldə qanını axıtmaq üçün mağaradan qovuldular

hələ də bunun ardı var…

sənət insanı yaşadıb ən tez öldürən bıçaqmış
ən ağır daşmış, sonradan təpəsinə çırpılan

gözümü bağlayıb milyon il qabaqda
özümü gördüyümdə
açanda burda görürəm
zaman ilk insanı qovan qəbilədə dayanmış
tanrı o zamandan bəri ya qurd-quşa yem olmuş
ya da tonqalda yanmış…

min illik əfsanələrin heç birində insan görə bilmədim
divlər gördüm, ya dəlilər
sən də div, ya dəlisənsə, insan deyilsən, dedilər…

uçdum, zamanda əskildim, dumana bürünüb gördüm:
tanrının dəyişməyi bacarmadığı şeyləri
təklər, tənhalar dəyişmiş
itimə gizlicə zəhər atıb öldürən qonşumu
bağışlamaqmış işim?!

ölüm bunların içində
yalqızların ən böyük savaşı imiş…

hər yolu eşqdən keçənin əlbət bir qatili varmış
onları öldürən eyni sevgilərmiş
hər yolu burdan keçənin yaddaşında bir ağrı
ulayan bir dili varmış…

sevgilər ondan asılan dəliliklə doluymuş
sevgilər divlərlə dolu bir dəlilik yoluymuş…

Çəhrayı sevgi

mən öz həbsxanamı çəhrayıya boyadım
qanımı torpaq içində qarışdırıb suvadım
o gündən yaddaşım mənim
başqa rəngə boyanmağa başladı

tanrı mağaranı açdı, qovulmuş insanı aldı
qanıyla rənglədiyi günahına bağışladı

bir mələk enmədi göydən, ordan alovlar saçıldı
bir uşaq dünyanın ən dilsiz yanında öldü

işarət elədi qəbilə başçısı –
bizdən olmayan hər kəsin uşaqları öldürülsün
daş dövrü daşlaşıb qaldı
tanrı daşlara sığınıb insanlara inandı

bir daş necə dəmir ola bilmədisə
bir dəmir də daşlaşa bilmədən durur

başında yelək çoxalan
adamların qorxunc halları hələ də
uşaqları öldürür…

mən ən çox tanrıya üzülən biriyəm
mən ən çox şair yanımla tanrıya inanan biri
susuz çöllərim həmişə Məcnunlarla dolu olur
işıqlı saraylarım Leylilərə qaranlıq həbs yeri…

zamanda qalmaq üçün
mağaranın ağzını bağladın, Tanrım
lap yaxşı
lap yaxşı qovdun məni başqa insan olmağa
bir qurd gözümə göründü, sənsən sandım
bir ağaca çəltik bağladım məni bir az görə bilsinlər
yolunu itirmişlərin ən həzin nəğməsi imiş o inanc
məni hər kəsdən uzağa yola salırmış ağac…

indi günlərim sadəcə gecədən ibarətdir
indi insanlardan uzaqlaşdığım
içdiyim zəhərdir içki
məni qovduqlarında hər şeyimi aldılar
suyumu, torpağımı, havamı, atəşimi
iki şey buraxdılar:
azadlıq və azadlıq – çəhrayı sevgi…

Bizim sevgimiz bir cinayət işidir

(Sevincə)

bizim sevgimiz bir cinayət işidir
bizim sevgimiz bir cinayət işi…

saçına güllər düzərkən – güllələr gəlib-keçəcək
qan yerinə qədəhlərə şərab axıtmaq keçəcək
içimizdən
üçümüzdən biri mütləq öləcək – kim gəldisə
dövlət, dünya və ya tanrı
orda kim gəlib-öldüsə –
bizim sevgimiz bir cinayət işidir…

məhkəmə qurulacaq, hakim sual verəcək:
– başqa bir adam tapmadın sevəcək?
sevəcək və sənə görə hər kəsi öldürəcək?

sən mənə baxacaqsan, dişini sıxacaqsan
divarlar qırmızıdan çəhrayıya dönəcək
gözlərin sufi kimi bir zərrəyə enəcək
tanrıya baxacaqsan – bizi qovuşdurana
bir də bizə yalançı şahid olan
durmadan əllərini heçliyə ovuşdurana…

mən bu meydan oxumaqla nə qədər insan oldumsa
o qədər gülüb-keçdim
nə qədər atəşli idim, o qədər də suyum vardı
o qədər havam vardı – burda nəfəs almağa
ayağım torpağa dəydiyində bircə səni seçdim –
bizim sevgimiz bir cinayət işidir…

tanrıya sığınmıram
nə hakimə, nə də var olan bir şeyə
heç bir şeyin yoxluğunda
hər şeyə sən kimi baxdım
mən nə qədər həyatın dibinə endim –
o qədər üstünə çıxdım
o qədər öldürdüm səndə gündəlik arzularımı
ötəri qayğılarımı
heç nəyə inanmayanda bircə şeyə inandım:
səninlə öldürəcəm ağrılarımı –
bizim sevgimiz bir cinayət işidir…

ölmədik, bu günü gördük
öldürməyə qərar verdik:
nə qədər dünya ölümlü olacaqsa, öldürməyi
saçlara güllər düzməyib güllələr düzdürənləri
gəzmədik, axtarmadıq, görmədik və baxmadıq
sevgilər arası söz gəzdirənləri…

bizim sevgimiz bir cinayət işidir
bizim sevgimiz bir cinayət işi…

bunu bir qovluğa yığ və sonra tulla
hakimə heç nə demə, ətrafa və tanrıya
bunu nə vaxtsa tapacaq o sevən qatilə yolla…