“Ermənistanda seçki revanşist qüvvələrin son şansıdır”-Arzuman Muradlı

“Sabah Ermənistanda keçiriləcək parlament seçkiləri sadəcə bir səsvermə deyil, ölkənin gələcək onillikdəki geosiyasi vektorunun və dövlətçilik xəttinin müəyyənləşəcəyi tarixi bir dönəmdir. Hazırkı siyasi mənzərəni təhlil edərkən iki əsas cərəyanın toqquşduğunu görürük”.

Bunu Vətəninfo.az-a sabah Ermınistanda keçiriləcək patlament seçkilərini şərh edən zaman siyasi şərhçi Arzuman Muradlı bildirib.

Siyasi ekspert qeyd edib ki, müxalif düşərgədə, xüsusən də Narek Karapetyanın təmsil etdiyi “Güclü Ermənistan”bloku, Robert Köçəryanın “Hayastan” alyansı və digər qüvvələr məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, yenidən köhnə, aqressiv ritorikaya əl atırlar. Onların seçkiqabağı təbliğatları Azərbaycanla sülh prosesini sabotaj etməyə, cəmiyyətdə qisasçılıq hisslərini alovlandırmağa hesablanıb. Lakin bu revanşist qüvvələr unutmamalıdır ki, erməni seçicisi artıq müharibənin acı nəticələrini yaşayıb və bu gün cəmiyyətin böyük əksəriyyəti yeni müharibə deyil, sabitlik və iqtisadi dirçəliş istəyir:  “Nikol Paşinyanın isə seçki kampaniyasında əsas arqumenti sülh və regional inteqrasiyadır. O, Ermənistanın gələcəyini qonşularla normal münasibətlərin qurulmasında və Qərblə əlaqələrin dərinləşdirilməsində görür. Paşinyan öz çıxışlarında haqlı olaraq vurğulayır ki, Ermənistanın keçmişdəki qüsurlu seçki təcrübələrinə qayıtmaq yolu ölkəni yenidən beynəlxalq izolyasiyaya sürükləyəcək. Onun “sülh müqaviləsi” təşəbbüsü artıq geri dönülməz bir zərurətə çevrilib.”
Arzuman Muradlı qeyd edib ki, bu seçkilər həm də Rusiyanın Ermənistandakı təsirini qoruyub-saxlamaq cəhdləri ilə Qərbin yeni yanaşmalarının toqquşma nöqtəsidir: “Revanşistlər Moskvanın dəstəyinə arxalanaraq hakimiyyəti devirməyə çalışsalar da, Paşinyanın seçki yarışında hələ də favorit olaraq qalması, erməni xalqının köhnə sistemə olan inamsızlığından xəbər verir. Paşinyan hakimiyyəti qalib gələrsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması və konustitusiyadakı ərazi iddialarını əks etdirən müddəaların dəyişdirilməsi prosesi sürətlənəcək.”
Siyasi ekspert qeyd edir ki,onun qənaətinə görə, Ermənistan cəmiyyəti sabah ya sülh və regional əməkdaşlıq yolunu seçərək inkişafa doğru addımlayacaq, ya da revanşistlərin təsiri altına düşərək öz gələcəyini yenidən təhlükəyə atacaq: “ Lakin indiki şəraitdə revanşist qüvvələrin hakimiyyətə qayıtması Ermənistan üçün siyasi intihar demək olar.”
Arzuman Muradlı öz açıqlamasında qeyd edib ki, seçkilərin nəticələri Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün açar rolunu oynaya bilər.

Vətəninfo.az