ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı bazalarına raket zərbəsi endirdiyini bildirir.
APA-nın Tehran bürosunun xəbərinə görə, SEPAH Sirik və Qeşm adasına hücumdan sonra ABŞ ordusunun regiondakı bazalarının Hərbi Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.
SEPAH bəyanatda bu gün səhər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.
Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.
SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki ABŞ hərbi hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.
