Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin üçün Komissiya yaradılıb

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə ediləcək.
Komissiya:
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə baxılmasını və seçilməsini həyata keçirməli;
– seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
– strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin etməli;
– strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
– ildə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna bilərlər.
