“Davamlı alkoqol istifadəçisi, siqaret və qəlyan çəkənlər komandadan uzaqlaşdırılmalıdır”
“”Qarabağ” komandasının baş məşqçisi Qurban
Qurbanovun milli futbol komandamıza baş məşqçi təyin olunması həqiqətən yerində
verilmiş ən realist qərardır. Təbii ki, istənilən baş məşqçinin həmişə
“edam kötüyü” gözünün önündə olur, özünün səhvindən və ya federasiyanın
maneələrindən və yaxud futbolçuların məqsədyönlü xəyanətindən hər zaman bu
“edam kötüyü”nə gətirilə bilər. Ancaq milli komanda
“Qarabağ” kimi həm də bir Azərbaycan davasıdır”.
42ciParalel.az
xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa
bildirib. Millət vəkilinin sözlərinə görə, bu davada Vətənə səmimi olmaq, Allah
rizası üçün öz imkan və qabiliyyətini ortaya qoymaq kifayətdir: “Kimsə sənə
qəhrəman deyəcək, kimsə bir-iki məğlubiyyətə görə söyəcək, “İstefa!”
çığıracaq, bunlar gözlənilən davranışlardır, bir o qədər də fərqinə varmaq
lazım deyil.
Milli komandamızın əksər rəqiblərlə müqayisədə potensialı da aşağıdır,
milli çempionatımız çox zəifdir, alt yapı deyilən futbol sistemimiz də ürəkaçan
durumda deyil. Lakin bu, ərazisi işğal altında olan, qonşular tərəfindən hər an
gözümçıxdıya salınan Azərbaycan dövləti üçün çox normal hal kimi
qiymətləndirilməlidir. Bununla belə, necə ki, dövlət olaraq dünyada ağır,
məşəqqətli şəkildə öz mövqeyimizi gücləndirməyə, kiçik səviyyələrdə də olsa söz
sahibi olmağa can atırıqsa, futbolda da bundan fərqli bir durum olmamalıdır. Addım-addım
irəliləmək zorunda olsaq da, “Qarabağ” kimi, məğlub olanda belə
xarakter nümayiş etdirən, oyun sistemi pozulmayan bir milli komanda
qurulacağına şübhə etməməliyik.
Ona görə də Qurban Qurbanovun “Qarabağ”dakı sistemini milli
komandaya köçürə biləcəyinə hamılıqla inanaraqdan dəstək olmalıyiq. Fikrimcə ilk iş milli komandanın alt yaş
qruplarından başlamalı və bu qruplardakı bütün milliləşdirilmiş legionerlər öz
ölkələrinə göndərilməlidirlər. İmkan verilməlidir ki, orada-burada itib batmış,
həvəsli və kifayət qədər potensiala malik Azərbaycan övladları öz ölkəsini təmsil etməyə başlaya
bilsinlər.
Təbii ki bu fikir hansısa kifayət qədər təcrübəli
legionere deyil, öz ölkəsində sıradan bir futbolçu kimi qəbul olunub, bizə isə “qəhrəman”
kimi təqdim olunan şəxslərə şamil edilir. Qısacası, əgər milli komandamızın
zəfərini izləmək istəyiriksə, bəzən heç- heçə və ya məğlubiyyətlə nəticələnən
oyunlarda da futbolçularımıza ruh yüksəkliyi verməliyik.
Digər bir məsələ isə, ədəbli və mədəniyyətli
futbolçu hazırlamaqla bağlıdır. Son iki oyuna nəzər salsaq, “Qarabağ”ın
hər dəfə bir futbolçusuna şübhəli qırmızı kart göstərdilər. Və onların heç biri
mübahisə etmədən, əsəb şousu göstərmədən mədəni şəkildə meydanı tərk etdilər.
Təbii ki, bu ilk növbədə məşqçinin uğurudur ki, təvazökarlıqdan, mədəni səviyyədən
uzaq olan futbolçuya qətiyyən yaşıl işıq yandırmır. Baxırsan ki, bir gənc bir-iki qol vuran kimi, bir-iki
dəfə milliyə çağrılan kimi, özünü Kuarejma kimi aparmağa başlayır. Yəni cəmiyyətdə olduğu kimi, komandanın sistemi ilk növbədə bir-iki xuliqana görə pozulur.
Üçüncüsü və hesab edirəm ki, ən vacibi isə siqaret
çəkən, qəlyan çəkən, davamlı alkaqol düşkünü olan məsuliyyətsiz futbolçuların
komandadan uzaqlaşdırılmasıdır.
Fikrimcə bu üç problemin həlli daha stabil komanda
formalaşdırmağa və futbola olan inamsızlığı ardan götürməyə əsas verəcək.
Hər halda AFFA-nın bu addımını mövcud şəraitdə uğurlu
sayıram və həm Milli “Qarabağ”ı, həm də Milli komandanı Azərbaycan
vətəndaşı olaraq səbrlə dəstəkləməyə davam edəcəyəm”.