O, ƏSL ZİYALI İDİ
Mən, akademik Aslan Aslanovu yaxından tanımamışam. Çünki bizim
aramızda kifayət qədər yaş fərqi var idi. Mən Universitetə daxil olanda o,
Azərbaycanın ən böyük filosof ziyalısı kimi tanınırdı. Amma, Aslan müəllimlə
bağlı şirin bir xatirə yaddaşıma həkk olub.
Universitetə daxil olandan sonra məlum oldu ki, biz ancaq qəbul imtahanlarını
Patris Lumumba 23-də vermişik. Tarix və Filologiya fakültələrinin tələbələri
indiki İqtisad Universitetinin binasında, Şərqşünaslıq və Hüquq fakültəsinin tələbələri
indiki Ali Attestasiya Komissiyasının binasında, Jurnalistika fakültəsinin
tələbələri isə Pasaj bazarının üstündə sınıq-salxaq bir binada dərs keçirdilər.
Filologiyanın tələbələri günün birinci, Tarix fakültəsinin tələbələri isə günün
ikinci yarısı dərs keçirdilər. Tələbəliyimiz 5 il sərasər belə keçdi.
Universitet rəhbərliyi çox nadir hallarda bizim dərs keçdiyimiz
binaya gəlirdi. Ona görə zarafatla deyirdik ki, biz Universitetdə yox, Darülfünündə
oxuyuruq. Tarix fakültəsinin tələbələrinin ən böyük problemi İqtisad
Universitetinin tələbələri ilə bağlı olurdu. Çünkü iki ali məktəbin mübahisəli
yeri var idi. Çox zaman bu mübahisələr dekanlıq səviyyəsində həll olunurdu.
Amma bir dəfə əsl dəhşət baş verdi. Üçüncü kursun qış semestri idi. Tələbə
yoldaşlarımızın 3 nəfəri Xalq Təssərrrüfatı (indiki İqtisad Universitetinin) rektorunun
qəzəbinə tuş gəldi. Rektor tələbələrin qovulması ilə bağlı Universitet
rektoruna təqdimat yazdı. Əslində, tələbələrin hərəkətləri qovulma dərəcəsində
bir hadisə deyildi. Amma, nə səbəbdən İqtisad Universitetinin rektorunun qərarı
bizim Universitetin rəhbərliyi
tərəfindən qəbul olundu. Üç tələbənin qovulması haqqında əmr verildi.
Qaldığımız 7 saylı yataqxana axşam əsl yas mərasiminə çevrildi. Qovulan
tələbələr də yataqxanada qalırdı. Uzun danışıqlardan sonra belə qərara gəldik
ki, Universitetin ikinci şəxsi, Partiya Komitəsinin sədri Aslan müəllimlə
görüşək. Sinif nümayəndəsi kimi məndə qovulan tələbələrlə Səhər tezdən
Universitetin əsas binasına gəldik. Aslan müəllimi biraz gözləyəsi olduq.
Həmişəki kimi, iti sürətlə otağına daxil oldu, salam verdik. Bizi içəri dəvət
etdi. Paltosunu çıxarmamış “Nə olub?” – soruşdu. Mən vəziyyəti Aslan
müəllimə izah etdim. Bizim yazıq duruşumuz onu təsirləndirdi. Özündən asılı
olmayaraq “Axı bu deyilənlərə görə
tələbələri qovmaq olmaz, bu böyük ədalətsizlikdir”-dedi. Biz də bir
ağızdan “Aslan müəllim, biz Sizdən kömək umuruq”-dedik. Tələbələrdən
biri özunu saxlaya bilmədi, kövrəldi. Bunu görən Aslan müəllim hara isə zəng
etdi. Telefonu götürən olmadı. Çox iti sürəttlə ayağa durub otaqdan çıxdı. Hiss etdik ki, Universitetin rektoru Faiq
Bağırzadənin yanına getdı. Otaqdan tərpənmədik. Aslan müəllimi gözlədik.
Birazdan otağa qayıtdı. Çox amiranə bir səslə “Bir də Sizdən şikayət
gəlməsin, gedin dərslərinizə. Faiq müəllim sizi bağışladı”.
Sevincimizdən heç bilmədik neynəyək. Yalnız Aslan müəllimə “Çox
sağ olun” deməklə kifayətləndik. Aslan müəllimin yanından çıxıb birbaşa
yataqxanaya gəldik. Aslan müəllimin bu böyük xeyirxahlığı bütün yataqxanaya yayıldı.
Bərpa olunan tələblər, hadisənin
qəhrəmanı isə Aslan müəllim oldu. Aslan müəllim o zaman bizimçün ən əziz insana
çevrildi.
Tələbə dostlarımızdan biri axşam Aslan müəllimin bu xeyirxahlığını
belə yekunlaşdırdı. Aristotelin əl içi boyda “Poetika” kitabını
stolun üstünə qoyub dedi: “Aristoteli bizə tanıtdıran, onun “Poetika”sını
bizə öyrədən insan ancaq belə hərəkət etməli idi. Az vaxt içərisində 1974-cü
ildə Aslan müəllim tərəfindən tərcümə olunan Aristotelin “Poetika”
kitabını hamımız oxuduq. Mən bugün də Aristoteli, onun “Poetikası” haqqında
düşünəndə ilk əvvəl Aslan müəllimi xatırlayıram. Onun ziyalı çöhrəsi bugün də
gözümün qabağındadır. O, əsl ziyalı idi.
Anar
İsgəndərov
Bakı Dövlət Universitetinin
kafedra müdiri, t.e.d., professor
42-CiParalel.az