Search for:

Necə unudum səni…

Paylaş:


Dünya, dünya. Yalan dünya, yaman dünya. Aslanı bizdən
alan, bizi Aslansız qoyan dünya. Torpaq, torpaq. Üzü boz, qəlbi bumbuz torpaq.
Aslanı əbədiləşdirən torpaq. Nə isə…

Aslanla bağlı xatirələrimi söyləmək istəyirəm.
Unudulmaz, yaddançıxmaz xatirələrimi. Xatirə öyüd-nəsihətdi. Təlim-tərbiyədi.
Gör-götürdü. Xatirə dupduru, tərtəmiz, bəmbəyaz, dümağ. Ləkəsiz, boyasız,
doğru-dürüst. Uydurma, yalan, əllaməli-qəllaməli. Yarımaq, yaltaqlanmaq üçün
söylənən xatirələr təəssüf hissi doğurar. Bağışlanmaz olar.

Aslan Aslanovun atası Məhəmməd kişi, anası Zeynəb xanım
Qazağın Kolayır kəndindəndir. Ağstafada yaşamışlar. Məhəmməd kişi çayçı idi.
Hörmətli, qonaq-qaralı çayçı. El içində dərin hörmətə, ehtirama malik kişi.

Aslan bu ailənin təki idi, təkcəsi idi, bircəsi
idi. Valideynlərinin gözlərinin işığı, ciyərparası idi. Arzuları, diləkləri,
döyünən ürəkləri idi. Ərkəsöyün böyümüşdü. Uşaqlıqda cığalıydı. Dalaşqanıydı,
davakünüydü. “Babam mənə kor deyib, gedənə-gələnə vur deyib”, – misalı sanki
onun üçün yaranmışdı. İpə-sapa yatmaz, güləşdə gah yıxılar, gah yıxardı.
Xurcuntayı düşdüyü vaxtlar da az olmayıb…

Mən Aslanı Ağstafa dəmir yolu məktəbində oxuyanda
tanımışam. Böyük bacım Zəkiyənin qaynatası Hüseyn Xəlilov Qori müəllimlər
seminariyasını qurtarmışdı. Aslana dərs demişdi. Hər Aslandan söhbət düşəndə
“İstedadlıdı, xoşbəxt gələcəyi var”- deyərdi.

Aslan orta məktəbi müvəffəqiyyətlə başa vurdu. Məktəbin
rəhbərliyi onun savadına, davranışına, istedadına bələd olduqlarından məktəbdə
riyaziyyat müəllimi saxladılar. Cəmi bir il işlədi. Sonra üz tutdu indiki Bakı
Dövlət Universitetinə. O zaman tarix fakültəsinin nəzdində ayrıca fəlsəfə şöbəsi
açılmışdı. Aslan həmin şöbəyə daxil oldu. Onun yoldaşları dünyagörmüş, ikiillik
ali məktəbi qurtarmışlar idi. Firudin 
Köçərli, Ziyəddin Göyüşov, Məqsəd Səttarov, İrşad Əliyev və başqaları ilə
bir sırada idi Aslan. O zaman Tumbul, akademik Makoverski, akademik Heydər
Hüseynov onlara dərs deyirdi. Aslan yoldaşları arasında yaşca kiçik olsa da,
oxumaqla yanaşı universitetin ictimai həyatında fəal iştirak edirdi. Komsomol
komitəsində, partiya təşkilatında öz yeri, öz mövqeyi var idi.

Aslan məndən bir kurs qabaq oxuyurdu. Bir gün
görüşdük, dedi: “Anam fətirin arasında çığırtma bişirib göndərib, yanında da
pendiri. Gedək bizə”. Aslan bir xanımın evində kirayəçi idi. Xörəyi ağız ləzzəti
ilə yedik. Bir az da şərab içdik. Anası iki corab göndərmişdi. Biri naxışlı,
qotazlı, biri də dümağ. Göstərdi: “Hansını istiyirsən götür” – dedi. Təkidlə
naxışlı corabı mənə verdi…

Aslan universitetin partiya təşkilat katibi idi.
Çox hörmətli, sözü keçən, hamıya əl tutan, hətta bəzən universitetin rektoruna ədalət
naminə sözünü yeridən, həyata keçirən idi. Təsadüfən görüşdük. Qoluma girdi,
kabinetinə apardı. Katibəyə: “Heç kəsi buraxma. Teymurla söhbətim var”- dedi.
Ay Teymur, bir fikrə düşmüşəm. İstiyirəm səni tarix fakültəsinə dekan gətirək.
Bəzi təşkilatlarla da razılaşmışam. Ağlın nə kəsir?. Dedim: “Ay Aslan, orda əjdahalar
var. Özündən müştəbehlər var. Qoyarlarmı işdiyim? Necə yəni qoyarlarmı? Sən yəni
o qədər yazıqsan? Birdə ki, mən burda deyiləm? Kimin ağzıdı sənin sözünə əməl
etməsin?”.

Bir az fikirləşəndən sonra: “Aslan, bəs mənim elmi
işlərim necə olsun, axı mən akdemiyanın göstərişi ilə Moskvaya aspiranturaya
getmişəm. Nə deyərlər? Yaxşı səslənərmi?” O isə: “Kimdi sənə mane olan? Elmi
işini də apar, verilən tapşırıqları da yerinə yetir. Burda da işini davam elətdir”
– dedi. Razılaşdıq. O vaxt tarix fakültəsinin dekanı olmaq həm məsul, həm də şərəfli
iş idi. Nigarançılıqla düz bir həftə gözlədim. Sonra getdim yanına.
Salamlaşdıq, üzümə baxdı. Aslan pərişan halda dedi: “Dərdiş, onsuzda əskimiz
tüstülüdü, yerlibaz deyirlər. Sənə də, mənə də yaxşı olmaz. Sağlıq olsun,
baxarıq”.

Aslan universitetdə fəlsəfədən daha çox estetikadan
dərs deyirdi. Bacarıqlı partiya təşkilatçısı olduğu kimi, həm də tələbələrin
sevimlisi, əzizi, doğması idi. Bu yerdə 2500 il bundan əvvəl yaşamış yunan
yazarı Platon qeyd edir ki: ” Valideynim məni göydən yerə endirdi, müəllimim məni
yerdən göyə qaldırdı”. Bir kəlam da yadıma düşdü. Şərqin böyük mütəfəkkiri Sədi
Şirazi yazır: ” Bir gün şah oğlunun əlindən tutub mədrəsəyə apardı.  Gümüş lövhənin üzərinə qızıl hərflərlə yazdı
: “Valideynimin nəvazişindən çox müəllimimim tələbkarlığına borcluyam”. Aslan
bu hikmətə, bu heyrətə layiq müəllim idi. Hamının  sevimlisi, doğması, əzizi. Aslan müəllim uzun
illər İncəsənət İnstitutununun rektoru olmuşdu. Bu mədəniyyət ocağının
inkişafında əvəzsiz xidmət göstərmişdi.

Həyat yoldaşım Zivər xanım Aslan müəllimin tələbəsi
idi. Bir gün zəng çaldı. “Sabah günorta sizdə olacam, denən bir plov bişirsin”.
Zivər süfrə açdı. Aslan gəldi. Çay süzüldü. Aslan zoğal mürəbbəsindən iki dənə
götürüb çaya saldı. Heç yarısını içməmiş ütələnmiş, nəyisə itirmiş kimi hər
şeyi yarımçıq qoydu. Tələsiyirəm deyib getdi. “Boyat plov dadlı olur” deyirlər.
Sabah gələcəm, mənim payımı saxlayın”- dedi. Dediyi vaxtda da gəldi.

Aslanovla bir binada olurduq. Zəng çaldı. “Dərdiş,
hazırlaş. Sabah saat 10-da binanın qabağında səni gözləyirik. Sabirabada gedəcəyik.
Səhər binanın qabağında 3 maşın dalbadal dayanmışdı. Bizə rəhbərlik eləyən sabirabadlı
gözəl insan, gökəmli, maliyyə işçisi iqtisad alimləri doktoru, professor
Beybulla müəllim idi. Sabirabadda bizi yaxşı qarşıladılar. Aslan həmin rayondan
deputat olmaq üçün seçki komissiyasına müraciət eləmişdi. Hər gün camaatla
görüşür, hal-əhval tutur. Gəlişimizin məqsəd məramını söyləyirdik. Hamı bizi
ehtiramla qarşılayırdı.

Bir dəfə tibb işçilərimizlə görüş oldu. Hamı ağ
xalatda görüşümüzə gəlmişdilər. Çıxış elədik. Aslan haqqında sözümüzü dedik.
Gözlənilmədən bir xanım Aslana müraciət edərək “Aslan müəllim, siz  Qazaxdansız. Niyə Qazaxda deputatlığa ərizə
vermirsiniz? Məgər bizim Sabirabadda deputatlığa layiq adamımız yoxdumu?  Aslan: “Xanım, mən həyat yoldaşımı itirmişəm.
Bir nəfər sabirabadlı qızı alaram. Olaram Sabirabadlı”- dedi. Bütün qadınlar
bizi tərk etdilər. Pis vəziyyətdə qaldıq. Sabirabaddan qəzetin redaktoru da ərizə
vermişdi. O da deputat seçildi…

Aylar ötdü, illər keçdi. Aslan akademik seçildi. İctimai
elmlər bölməsinin akademik katibi oldu. Qızğın fəaliyyətə başladı. Hardasa bu
sahədə bir dönüş yarandı.

Böyük alimimiz, Sovet İttifaqı qəhrəmanı qeyri-adi
vətənpərvər, mənim unudulmazım, əzizim Ziya Bünyadovla kabinetlərimiz yanaşı
idi. Bir gün əsəbi halda yanıma gəldi. “Sənin bu qardaşın Aslan dəlidi ki,
danışığını bilmir, ağzına gələni söyləyir. O gün az qala məni təhqir elədi. “Ay
Ziya, axı sən Aslanla çox yaxşısan, qardaş kimisən. Sizin bu münasibətinizin
paxıllığın çəkənlər var.  Noldu yenə?
Aranızdan su keçdi.

Zəng elədim, Aslanın yanına getdim.  Görüşdük. O da tutduğundan peşman kimi əsəbi
idi. Dedim: “Ay Aslan, bu nə işdi sən eləmisən? Ziya bir atmacalı söz atdı.
Özümdən çıxdım. O, dəlidisə, mən cinliyəm. Sonra dedi peşmanam, bərk peşmanam.
Heç özümə bağışlaya bilmirəm, şeytan ağlımı aldatdı. Dedim ki, sizi barışdırmaq
lazımdı, öz də tezliklə, səs-küy yayılmamış. Çox yaxşı olar, peşmançılığımdan
yata bilmirəm. Amma bir şey fikirləşirəm. İki gündən sonra görüşək, sənə deyərəm.

Görüşdük. “İşlər düzəldi” dedi. Anam-bacım olsun
Tahirə xanım ikimizdən də ağıllıdı. Kübar xanımdı. Əsli-kökü var. Yusif Vəzir Çəmənzəminlinin
tayfasındandı. Ona zəng çaldım, üzrxahlıq elədim. Bizi barışdırdı. Getdim
onlara, barışdıq, opüşdük, heçnə olmamış kimi..

İnsan təbiətin tacı, yer üzünün əşrəfidi. Aslan əşrəf
insan idi. Daxilən nurlu,işıqlı, zəngin mənəviyyatı var idi. Görkəmcə
yaraşıqlı, boylu-buxunlu. Sadə, səmimi. Özü bütöv, sözü bütöv. İstiqanlı, vətəncanlı.
“Dost yolunda boran olar, qar olar” inamını yaşayırdı. Düşmənə qənimdi.
Sıyrılmış qılınc şimşək çaxarlı idi. Xoşrəftar, bir qədər yumşaq, bir qədər sərt.
Dövlət adamı idi. Tapşırıqları yüksək səviyyədə yerinə yetirəndi. Məhəmməd peyğəmbər
buyurub ki: “Peyğəmbərlərdən sonra şairlər gəlir. Nə böyük qiymət, nə böyük
hikmət. Nə böyük heyrət, İlahi. Aslan bu şərəfə layiq şair idi. Sevgi, məhəbbət
şairi, gözəlliklər, gözəllər şairi. Şeirlərinin hamısı qəlbə nüfuz edici, dillərdə,
ağızlarda əzbərdi. Yeri gəlmişkən, yayın ortasında Gəncə çölündə şeiri Aslanla
bərabər böyük müğənnimiz Rəşid Behbudovun oxusunda dünyaya səs salmışdı.

Aslan təhsilin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.
Görkəmli alim idi. Ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin
müşahidə qabiliyyətinə malik alim. Onun bizlə və əmanət qoyduğu əsərlər hazırda
da öz yüksək qiymətini saxlamaqdadır.

Ölüm haqdı, alın yazısıdı, qaçılmazdı, bir gün gələn,
bir gün dünyadan köçəndi. Əzizim, qardaşım Aslanın  qəbri nurla dolsun. Ruhu şad olsun.


Teymur
Bünyadov                                                                                                                        Mehriban Məmmədzadə


akademik




Paylaş: