Manatı diriltməyin yolları



Yaradılmaqda olan


Maliyyə Bazarlarına Nəzarət Palatası


manatın aktivliyinin bərpası üçün bir sıra radikal addımlar atmalıdır


ANS PRESS-in məlumatına görə, mahiyyət etibarı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası


ABŞ Federal Rezerv Sisteminə


bənzəyir. Buna görə də onun funksiyaları da bir növ həmin quruma bənzəməlidir. Federal Rezerv Sistemi ABŞ-ın maliyyə bazarında milli valyutanın etibarını qorumaq üçün istehlakçıların kredit hüquqlarını da qoruyur.






Eyni məntiqlə, Maliyyə Bazarlarına Nəzarət Palatası da manatın aktivliyini və maliyyə bazarında etibarını bərpa etmək üçün ilk növbədə xarici valyutada kredit götürmüş istehlakçıların hüquqlarını qorumalıdır. Mülki Məcəlləyə görə, vətəndaş xarici valyuta ilə götürdüyü kredit üzrə ödənişi məzənnə dəyişdikdən sonra krediti götürdüyü anın məzənnəsinə uyğun ödəməlidir. Son 10 ildə manat ildən ilə möhkəmləndiyi şəraitdə kommersiya bankları müştəridən məhz bütün ödənişləri manatla tələb edirdilər.






Azərbaycanda dollarla verilən qısamüddətli kreditlərin illər üzrə artması (milyon manat)







Mənbə:

Azərbaycan Mərkəzi Bankı







Amma manat dollar qarşısında zəifləməyə başlayan kimi banklar kredit ödənişlərini dollarla tələb etməyə başladılar. Banklar kreditləşdirmədə də xarici valyutaya üstünlük verməyə başladılar. Məsələn, ölkə bankları tərəfindən xarici valyuta ilə verilən qısamüddətli kreditlərin toplam məbləği 2015-ci il ərzində 2 dəfədən çox artıb. 2014-cü ilin sonunda 1,437 milyard manata bərabər olan qısamüddətli kreditlər 2015-ci ilin sonunda 3,523 milyard manata qalxıb.






Təbii ki, baş verən hadisələr fonunda kommersiya banklarının özünün də hüquqları pozulur. Hər halda, manatın məzənnəsinin üzən siyasətə keçməzdən əvvəl texniki yolla 2 dəfə dəyişdirilməsi kommersiya banklarına ciddi zərər vurdu. Amma ABŞ Federal Rezerv Sistemi (FED) bu cür addımlar ata bilmir. Çünki Birləşmiş Ştatların 3 minə yaxın bankı Federal Rezerv Sistemində təmsil olunur. FED-in əsas vəzifələrindən biri də kommersiya banklarının maraqları ilə ümummilli maraqların uzlaşdırılmasıdır.









Fikrət Yusifov – keçmiş maliyyə naziri








Üç dövlət qurumunun – Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin ləğvi ilə yaradılacaq Maliyyə Bazarlarına Nəzarət Palatasında da kommersiya bankları təmsil edilməlidir. Keçmiş maliyyə naziri,


professor Fikrət Yusifov


ANS PRESS-ə müsahibəsində Palataya kommersiya banklarının özlərinin deyil, onları təmsil edən qurumun üzv olmasını vacib sayıb: «Bankları təmsil edən qurum Azərbaycan Banklar Assosiasiyasıdır (ABA) və Palataya o üzv olmalıdır».






Fikrət Yusifovun fikrincə, hazırda Azərbaycan banklarının ən böyük problemi dollarla qoyulan əmanətlərdir: «Dollarla olan əmanətlər Azərbaycan bank sistemini ciddi zərbə altında saxlayır. Banklara qoyulan dollar əmanətlərinin dəfələrlə artması milli valyutanı hörmətdən salır, nəticə etibarıilə ölkənin pul-kredit sistemi təhlükəli həddə qədər dollarlaşdırır».






Sabiq nazirin sözlərini


Azərbaycan Mərkəzi Bankı


statistik göstəriciləri daha aydın göstərir. Statistikaya görə, 2014-cü ilin sonunda əhalinin kommersiya banklarına dollarla qoyduğu əmanətlər 2,427 milyard manat olubsa, 2015-ci ilin sonunda bu göstərici 3 dəfəyə qədər artaraq 6,853 milyard manata qalxıb.






Əhalinin kommersiya banklarına dollarla qoyduğu əmanətlərin illər üzrə artımı (milyon manat)







Mənbə:

Azərbaycan Mərkəzi Bankı







Fikrət Yusifov dollarlaşmadan xilas olmaq üçün qısa zaman kəsiyində kəskin addımlar atılmasını vacib sayır: “Mən bunları maliyyə sistemində cərrahi əməliyyatlar adlandırardım. Dollarla olan kreditlərin və əmanətlərin qısa zaman kəsiyində manatla olan kreditlərə və manatla olan əmanətlərə çevrilməsi gərəkdir. Bunu etməyin konkret yolları var. Xarici valyutada gəlirləri olmayan hüquqi və fiziki şəxslərə xarici valyutada kreditlər vermək qadağan edilməlidir. Ölkənin daxili bazarında xarici valyuta ilə alver edənlərə çox ciddi sanksiyalar tətbiq olunmalıdır”.






Onun fikrincə, manatla əmanətləri stimullaşdırmaq üçün depozit dərəcələri xeyli yüksəldilməlidir: “Manatla əmanətlərə real infilyasiya səviyyəsindən bir neçə bənd, başlanğıc üçün ən azı real infilyasiya səviyyəsindən 7-8% artıq dividend verilməlidir. Xarici valyutada olan əmanətlərə dividend isə 0,1%-dən artıq olmamalıdır, hətta bəzi Avropa banklarında olduğu kimi bu əmanətlərin bankda saxlanmasına görə onların sahiblərindən 0,3-0,5% pul tutulmalıdır. Xarici valyutada olan əmanətlərə sığorta da şamil edilməlidir”.






İndi top yeni yaradılmaqda olan Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülüb. Mart ayından fəaliyyətə başlayacaq qurum qısa müddətdə manatın aktivliyini və ona etibarı bərpa etməlidir.






Fakt budur ki, əhali arasında manata etibar həddindən aşağı düşüb. İndi hətta maaş kimi aldığı 600 manatın 300-nü aybaay dollara çevirən insanlar var. Bu, ilk növbədə istehlak bazarında tələbatı aşağı salır. Nəticədə ticarət dövriyyəsinin və yerli istehsalın sifarişləri azalır. Bu isə işsizliklə və gəlirlərin azalması ilə nəticələnir. Palata bu zənciarvari azalma meyli dayandırmaq üçün radikal addımlar atmalıdır.






42-ciparalel.az


Əlaqədar Yazılar