İran
İslam Respublikasının Azərbaycandakı səfiri cənab Möhsün Pakayinin “42-ci
Paralel” jurnalına müsahibəsi.
-Cənab səfir, hazırki İran – Azərbaycan münasibətlərini
necə dəyərləndirirsiniz?
Xoşbəxtlikdən bu gün iki ölkə
münasibətləri müsbət yolda irəliləyir. İki ölkənin çoxsaylı bağları təhdidləri
fürsətlərə çevirmişdir. Həqiqətən də dünyada elə iki ölkə tapmaq olmaz ki, İran
və Azərbaycan qədər bir-birinə yaxın olsun və mədəniyyət, tarix, din, məzhəb və
dil baxımından müştərəklikləri bu qədər çox olsun. Son iki ildə prezidentlərimiz
4 dəfə Tehranda, Bakıda, Davosda və Astarxanda görüşmüşlər və bu zaman ərzində
40-dan çox yüksək rütbəli şəxslərin qarşılıqlı səfərləri olmuş və ölkələrimiz
arasında əməkdaşlığa dair 20-dən çox sənəd imzalanmışdır. Həmçinin illərlə fəaliyyət
göstərməyən müştərək iqtisadi komissiyanın iclasları keçirilmişdir ki, bütün
bunlar iki ölkə arasında münasibətlərin ötən illərlə müqayisədə son dövrlərdə tədricən
genişlənməsinin göstəricisidir. Sərhədlərin təhlükəsiz olması, iki ölkənin
müdafiəsi üzrə yüksək rütbəli şəxslərin Tehrana və Bakıya səfərləri iki ölkənin
təhlükəsizlik münasibətlərinin genişlənməsini göstərir. Həmçinin dini sahədə şiə
mərcəyi-təqlidi olan Ayətullah Nuri Həmədani Bakıya səfər etdi.
-Sizcə, ölkələrimiz arasında hansı sahələrdə əməkdaşlığın
və əlaqələrin potensialı daha çoxdur?
Ticarət,
tranzit və enerji iki ölkənin əməkdaşlıqlarını genişləndirə biləcəkləri üç
mühüm sahədir. Ticarət sahəsində hal-hazırda rəsmi rəqəmlərə əsasən iki ölkənin
ticarət dövriyyəsi 500 milyon avrodan çoxdur və ticarət balansı da İranın
xeyrinədir. Bu ticarət əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, qeyri-neft
ticarət dövriyyəsidir.
Tranzit sahəsində
Azərbaycan Respublikasının İranla dörd fəal sərhəd-keçid məntəqəsi vardır və bu, ölkənin Avropaya, Asiyaya, Fars körfəzinə və oradan Afrikaya ən yaxın yoludur.
Yəni İran marşurutu həm iqtisadi əhəmiyyətli, həm təhlükəsiz və həm də yaxındır. Bu səbəbdən
bu sahədə iki ölkənin tranzit yolların tikintisi üçün əməkdaşlığı və müştərək
investisiya yatırımı hər iki ölkənin xeyrinədir. Bu gün neft və qaz istehsal edən
ölkələr iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın
azaldılması üçün tədbirlər görürlər. İran və Azərbaycan Respublikası da bu məqsədlə
və özlərinin coğrafi mövqelərini nəzərə almaqla regionda nəqliyyat və yükdaşıma
sahəsində əsas oyunçulardan birinə çevrilmək niyyətindədirlər. Bu məqsədlə
Astarada keçirilən görüşdə Azərbaycan Respublikasının dəmir yollarının İrana
birləşdirilməsi üçün sənəd imzalandı və beləliklə iki ölkənin dəmir yollarının
birləşdirilməsi lahiyəsinin icrasına start verildi. Beləliklə şimal-cənub
koridoru və ya İpək Yolu marşurutu artıq reallaşır. Bu sənəd İran İslam
Respublikasının rabitə və informasiya Texnologiyaları Naziri cənab Mahmud
Vaizinin və Azərbaycan Respublikasının İqtisadiyyat və Nənaye Naziri cənab
Şahin Mustafayevin iştirakı və iki günlük intensiv müzakirələrdən sonra iki ölkənin
dəmir yolları şirkətlərinin rəhbərləri tərəfindən imzalandı.
Azərbaycan Respublikası İranın Qafqaz
regionu ilə əlaqə yaratması üçün bir qapı ola bilər, həmçinin özü İran vasitəsilə
Fars körfəzinə və Oman dənizinə, beləliklə də dünya ölkələrinə çıxış əldə edər.
Region ölkələri üçün İran marşurutu ən yaxın, ən sərfəli və ən təhlükəsiz
marşurutdur. Astara-Rəşt dəmir yolu xəttinin işə düşməsi və yüklərin Fars körfəzi
və Oman dənizindən münasib tariflərlə daşınması, tranzit vizanın alınmasının
sadələşdirilməsi, yüklərin daha sürətlə daşınmasını təmin etmək Azərbaycana kömək
edəcək ki, yükdaşıma sahəsində əsas fiqura çevrilsin və özünün məqsədinə, yəni
neft gəlirlərindən asılılğın azaldılmasına nail olsun. İran və Azərbaycan
dünyada yeni bir iqtisadi böhran başlamazdan öncə böyük nəqliyyat və tranzit
layihələrində sərmayə yatırmalı və region ölkələri arasında əsas yükdaşıma
fiquruna çevrilməlidirlər.
Enerji sahəsində Azərbaycan Respublikası 7 milyard
barrel neft və 37.1 trilion kub metr qaz ehtiyatına malik olmaqla əsas fiqurlardandır. Azərbaycan Respublikası və bəzi Avropa ölkələri İranın
iqtisadi sanksiyalardan azad olmasından sonra “Tap” və “Tanap” kimi iri layihələrə qoşulmasını
istəyirlər. Dünyada qaz ehtiyatına görə ikinci ölkə olaraq İranla qaz nəqli sahəsində
əməkdaşlıq diqqətəlayiqdir və İran İslam Respublikası ilə Azərbaycan
Respublikası arasında bir neçə layihə barədə, o cümlədən “Tanap” layihəsi haqqında əməkdaşlığa dair
müzakirələr aparılır. Hal-hazırda İran bu təklifləri dəyərləndirir. Biz hər il
Azərbaycan qazının Naxçıvana nəqlindən 250 milyon dollar, Xəzər dənizindəki
“Şahdəniz” yatağına investisiya qoyuluşundan da 250 milyon dollar gəlir əldə
edirik.
İki ölkənin mədəniyyət sahəsində
münasibətləri də inkişaf edir. Cari ildə Tehranda Azərbaycan mədəniyyət günləri
keçiriləcək. Bundan əlavə il ərzində bir milyondan çox azərbaycanlı İrana səfər
edir ki, əgər bunların hər biri İranda 500 dollar xərcləsələr, bu, ikitərəfli
iqtisadi göstəricilərdə kifayət qədər böyük rəqəm olacaq. İki ölkənin
parlamentləri arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Cari ildə parlamentlərin
dostluq qruplarının Tehrana və Bakıya qarşılıqlı səfər edəcəklərini düşünürük.
İran və Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini
dəstəkləyir və beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq edirlər.

-Bu günlərdə Azərbaycanın iqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda oldu və müəyyən
görüşlər keçirildi, sənədlər imzalandı. Bu görüş barədə fikirləriniz …
İran
islam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi
komissiyanın onuncu iclası İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ev sahibliyi ilə Tehranda baş tutdu və bu iclasın keçirilməsi iki
ölkə münasibətlərində yeni bir pəncərə açdı. Bu iclasda neft və qaz, sərhəd
layihələri, yükdaşıma, maşınqayırma, dərman istehsalı, bank sektorunda əməkdaşlıq
və digər iqtisadi sahələrdə əməkdaşlıqların genişləndirilməsi nəzərdən
keçirildi. Sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejimində çalışması və
vizaların verilməsinin sadələşdirilməsi iki ölkə arasında ticari əlaqələrin
daha da genişlənməsinə təkan verəcək. Bu iclasda, həmçinin Tehranın regional və
beynəlxalq səviyyədə terrorizmlə mübarizədə Bakı ilə əməkdaşlığa hazır olduğu
elan edildi. İki ölkə müştərək investisiya layihələrinin həyata keçirilməsinə
hazır olduğunu elan etdi. Çünki bu sahədə ikitərəfli əməkdaşlıqlar üçün böyük
imkanlar vardır. Təbii ki, İrana qarşı sanksiyaların ləğvindən sonra iki ölkənin
əməkdaşlıq səviyyəsi və ticarət dövriyyəsi artacaq.
Ümumiyyətlə, son dövrlər iki ölkə arasında münasibətlərin
daha da inkişaf etməsini, çoxsaylı ikitərəfli görüşlərin keçirilməsini nəyin
göstəricisi kimi qəbul etmək olar?
Bu haqda qonşularla münasibətlərin möhkəmləndirilməsinə yönələn İranın hazırki
adminstrasiyasının siyasəti təsirli oldu və iki ölkə rəsmi səviyyələrdə
qarşılıqlı etimad yaratmaq mərhələsindən sürətlə keçərək münasibətlərin
yaxşılaşdırılmasına çalışdılar. Qarşılıqlı etimad yaratmaq mərhələsindən
sonraya aid olan hazırki mərhələdə müştərəkliklərə təkid olundu və bu münasibətlərin
yaxşılaşmasını təmin edən amillərdən biri də bu idi ki, tərəflər bir-birinə təhdid
olan sahələri fürsət sahələrinə çevirdilər.
Münasibətlərimizin tənzimlənməsində hər ikisinin udan tərəf olduğu
diplomatiyanın mehvər qərar verilməsi təsirli idi və bu siyasətin icra
olunmasında lazımi iradənin olması münasibətlərin davamlı və sabit olmasına səbəb
oldu.
-Ölkənizin Azərbaycanla əlaqələrinin genişlənməsi,
bizə düşmən olan digər qonşumuz Ermənistanla
münasibətlərə necə təsir göstərə bilər?
Bizim
siyasətimiz budur ki, hər hansı ölkə ilə münasibətlərimiz üçüncü ölkə ilə
münasibətlərimizə təsir etməsin. Qonşu ölkələrlə normal münasibətlərə malik
olmaq İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindəndir.
Bütün dünya ölkələrində də belədir və bütün ölkələr qonşu ölkələrlə ixtilafları
miniumuma çatdırmağa və onlarla yaxın münasibətlər qurmağa çalışırlar. İranın
Ermənistanla münasibətləri də bu çərçivədədir. Düşünürəm, Azərbaycanın müdrik
xalqı İranın
Ermənistanla
münasibət qurmağının səbəbini dərk edir. Biz Ermənistanla münasibətlərə malik
olduğumuz halda heç vaxt Azərbaycanın Qarabağ münaqişəsindəki ədalətli
mövqeyini dəstəkləməkdən çəkinməmişik. Bizim Ermənistanla münasibətlərimiz heç
vaxt Azərbaycanın əleyhinə olmayıb. Biz Ermənistala münasibətlərə malik
olduğumuz halda daim beynəlxalq təşkilatlarda, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatında
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. İranda böyük erməni etnik qrupu
yaşayır, bu səbəbdən də həm SSRİ dövründə, həm də ondan sonra Ermənistanla əlaqələrimiz
olub. Bizim həm Ermənistan və həm də Azərbaycanla münasibətlərə malik olmağımız əslində
bir fürsət və şansdır və lazım olduğu təqdirdə bu fürsətdən iki tərəf arasında
vasitəçilik etmək üçün istifadə etmək olar. Regionda bəzi ölkələr vardır ki,
Ermənistanla heç bir münasibətləri yoxdur və onlar bu fürsətdən məhrumdurlar.
Düşünürəm, bizim Ermənistanla münasibətlərimiz anlaşılandır.

-Fevral ayında İran İslam İnqilabının 37-ci il dönümünü
qeyd edəcəksiniz. Bu inqilabı dünyada baş vermiş digər inqilablardan fərqləndirən
tərəfləri hansılardır?
Əvvəlcə
qeyd edim ki, İslam İnqilabının özəlliklərindən biri də digər inqilablarla
müqayisədə bütün xalq tərəfindən dəstəklənməsidir. Məsələn, Fransa inqilabında
yalnız Paris coğrafi məntəqəsində olan aristokrat və burjaziyanın yalnız məhdud
bir hissəsi fəal şəkildə iştirak edirdi. Rusiya inqilabında da zavod fəhlələrindən
və hərbçilərdən ibarət məhdud bir hissə fəal idi. Sankt-Peterburq və Moskva
coğrafi məkanında baş verən bu inqilabda fəhlə və hərbçi qruplarla Bolşevik
partiyası daha çox fəallıq göstərirdi. Lakin İran İslam İnqilabında ölkənin
bütün təbəqələrindən olan insanlar, o cümlədən fəhlələr, işçilər, elm və mədəniyyət
xadimləri, bazar əhli, ruhanilər və s. iştirak edirdilər və bu inqilab ölkənin
hər yerində, xüsusilə, şəhərlərdə daha çox hiss olunurdu.
İkinci məsələ
inqilabların rəhbəridir. Fransa inqilabında əsas rəhbərlər təsadüfən seçildilər
və Rusiya inqilabında 1917-ci ilin fevralına qədər heç bir rəhbərin adı gözə dəymir
və yalnız 1917-ci iln oktyabrında Lenin, Trotski, Stalin və Buxarin kimi şəxsiyyətlərin
adları gözə görünür ki, bunlar da Fransa inqilabının rəhbərləri kimi sosial
bazaya malik deyildilər və xalq kütlələri Lenini tanımırdılar. Lakin İran İslam İnqilabında İmam Xomeyni geniş xalq kütlələri tərəfindən bir dini lider kimi
tanınırdı. O, inqilabın həm ideoloqu, həm memarı, həm idarə edəni və həm də
icraçısı idi və bütün mərhələlərdə, istər inqilabdan öncə və istərsə də sonra
bu xüsusiyyətilə tanınırdı. Üçüncü budur ki, Fransa inqilabının əsası ideologiyası
liberalizm idi ki, hərçənd inqilabın irəli aparılmasında rolu yox idi, lakin
inqilabdan sonra sistemin formalaşmasında əsas rola malik oldu. Bu ideologiya əslində
azadlığı təbliğ edən humanizmin bir qolu idi. Hərçənd, liberalizm iqtisadi və
siyasi hədəflərə çatmaqda müəyyən qədər müvəffəqiyyət qazandı, lakin müsbət əxlaqi
dəyərlərin və insani fəzilətlərin təbliğində uğursuzluğa düçar oldu. Bu amilin
özü isə inkişaf etmiş sənaye cəmiyyətlərində ruhi sarsıntıların çoxalmasına,
psixoloji xəstəliklərin artmasına, günü-gündən artan intiharlara səbəb oldu. Bu
böyük ictimai-psixoloji böhran hal-hazırda bir çox qərb mütəfəkkirlərinin diqqətini
özünə cəlb etmişdir. Arnold Toynbee, Erich Fromm, P.Ford və müəyyən qədər Herbert
Marcuse və başqaları bunun çarəsini zamanın tələblərinə uyğun dini ünsürün
dirildilməsində görürlər.
Rusiya inqilabının əsas ideologiyası
marksizm-leninizm idi ki, bu ideologiya da inqilabda heç bir rola malik
deyildi, lakin inqilabdan sonra formalaşan quruluşun meydana gəlməsində və
sonrakı hadisələrdə əsas rola malik idi. Lakin İran İslam İnqilabı Fransa
inqilabı kimi, yalnız azadlıq tələb etmək və ya Rusiya oktyabr inqilabı kimi, yalnız fəhlələrin inqilabı deyildi. İslam İnqilabı İslam ideologiyasına təkid
etməklə və şiə məktəbinin təlimlərinə söykənməklə olan bir inqilab idi ki,
orada həm azadlıq, həm istiqlaliyyət, həm də fəhlələrin, kəndlilərin və bütün zəhmətkeşlərin
hüquqlarının qorunması var idi. İslam İnqilabında qərbdə olan azadlıq kimi
azadlıq yoxdur. İslamda insan azaddır, lakin bu heç bir sərhəd tanımayan, əxlaqsız,
laqeyd və qayda-qanunlara tabe olmamaq deyil, burada azadlıq deyiləndə insanın
seçim hüququna və iradə azadlığına malik olması nəzərdə tutulur. Bu məktəbdə
insan öz taleyi barədə azad şəkildə qərar qəbul edən varlıqdır.
İslam Respublikasında insanlarımız
İslam qanunları çərçivəsində və cəmiyyətin mənafeyinə nəzərən dini, siyasi,
vicdan və əqidə azadlığına malikdirlər. İslam quruluşunda etnik qruplar və digər
dinlərin ardıcılları öz ayinlərini və mərasimlərini yerinə yetirməkdə
azaddırlar. Fransa inqilabında inqilab rəhbərlərin dinin siyasətdən tamamilə
ayrılması, yəni sekulyarizm yolunda çox işlər gördülər. Rusiya inqilabında dinə
qarşı inadkarlıq və düşmənçilik etdilər və dini kütləni əfyunu adlandırdılar. Lakin
İran İslam İnqilabında dinə və İslama qayıdış inqilabın ruhu və əsası idi.
Əslində İslam İnqilabının ən qəribə və ən heyrətamiz özəlliklərindən biri də
onun dini tərəfidir. Və əsl həqiqətdə, İran İnqilabını Rusiya və Fransa
inqilablarından fərqləndirən əsas cəhət onun dini olmasıdır ki, o biri iki
inqilablarla heç bir oxşarlığı yoxdur. İranda inqilabın əsas hərəkətverici qüvvəsi
din hesab olunurdu.
Dördüncüsü budur ki, bütün inqilablar, o cümlədən Fransa və
Rusiya inqilabları insanlar üçün maddi cəhətdən daha yaxşı cəmiyyət qurmaq istəyirdilər.
Onların məqsədi daha çox sərvət istehsal etmək və bu sərvəti insanlar arasında
bölmək idi. Lakin İran inqilabının məqsədi daha ali idi və insanların yalnız
iqtisadi vəziyyətini düzəltmək istəmirdi. Bu inqilabın əsas məqsədi İslam hökmlərini
diriltmək, onları icra etmək və ictimai ədaləti bərqərar etmək idi.
Beşincisi, Fransa inqilabı bir liberal burjua
inqilabı idi və onun nəticəsi olaraq səltənət rejimi devrildi və parlamentli
respublika təsis edildi. Rusiya inqilabı sosialist inqilabı idi və onun nəticəsi
çar hakimiyyətinin devrilməsi və sosialist quruluşun yaranması idi. Lakin İslam
inqilabı dini və antiimperialist bir inqilabdır və rejimin tamamilə devrilməsi ilə
kifayətlənmədi. Həmçinin, antiimperialist ruha malik olduğu üçün ilk başlanğıcdan
bütün super güclərin düşmənçiliyi ilə qarşılaşdı.
Altıncısı, liberal qərb
inqilablarında fərdlərin azadlığı ictimai ədalətin fəda olunması qiymətinə başa
gəlir. Marksist inqilablarında isə ictimai ədaləti zorakılıq və diktatorluq etməklə
və fərdi azadlıqların itirilməsi qiymətinə başa gəlir. Lakin İslam siyasi
sistemində ictimai ədalət paralel olaraq fərdi azadlıqla biruz edir və hətta
mümkün qədər onların arasında həmahənglik olur. İslam inqilabının bu görkəmli
xüsusiyyəti idi ki, dünya əhalisinin bir çoxunu, xüsusilə savadlı və ziyalı təbəqəsini
özünə cəlb edib. İslam inqilabı Fransa inqilabının demokratik və ya Rusiya
inqilabının sosialist proqramlarını həyata keçirmək üçün deyil, yeni-yeni və
münasib ideyaların inkişaf etdirilməsi və çiçəklənməsi üçün meydana gəlmişdi.
-İslam inqilabı İran xalqını nələrdən xilas etdi və
onlara hansı üstünlükləri verdi?
İslam
inqilabı insanlara istiqlaliyyət və azadlıq bəxş etdi, İslamın ali təlimlərində
hərəkət etmək fürsətini yaratdı. Daxili istibdada və xarici istismara son
qoydu. İnsanlara müasir elm və texnologiyanı ərməğan etdi.
-İranda yaşayan milyonlarla azərbaycanlı inqilabın
rəhbəri Ayətullah Xomeynini dəstəkləyirdimi və ümumiyyətlə onların inqilaba
münasibəti necədir?
İranın
sayı milyonlarla olan qeyrətli azərbaycan dilli əhalisi digər əhali ilə
çiyin-çiyinə İslam inqilabının qələbəsi naminə və onu qorumaq üçün döyüşdü.
Onlar İmam Xomeynini himayə edir və onun əmrinə tabe idilər. Ondan sonra isə
Ayətullah Xameneini dəstəkləyərək çoxlu qəhrəmanlıqlar yaratdılar. Onlar bu
yolda şəhid oldular, elm və bilik sahəsində, dövlətin idarə olunmasında, məclisdə
və digər dövlət və hərbi vəzifələrdə xidmətlər göstərdilər və indi də bu fəaliyyətlərini
davam etdirirlər. Həqiqətdə, İranın azərbaycan dilli əhalisi tarix boyu daim
İslami İranın milli kimliyini və istiqlaliyyətini qoruyublar və onların rolu təyinedici
rol olub. Onlar İranın istiqlaliyyətini və kimliyi qorumaqda böyük rola malik
olublar və bu ərazinin rolu İranın hazırki coğrafiyasına sığmır. İran azərbaycanlıları
ölkənin siyasi, iqtisadi, mədəni və hərbi həyatının bütün mühüm səhnələrində fəal
şəkildə iştirak etmiş və azərbaycanlıların İrana vəfadarlığında heç vaxt şübhə
olmamışdır. Azərbaycan tarix boyu İranın azadlığı, istiqlaliyyəti və bu diyara
bağlılığı naminə çoxlu igidliklərə şahid olmuşdur. Bu iştirakın pik nöqtəsi
İslam inqilabının qələbəsi dövründə 18 fevral 1979-cu ildə Təbriz əhalisinin
qiyamı idi ki, bütün ölkə boyu əhalinin həyəcana gəlməsinə səbəb oldu. İslam
inqilabının qələbəsindən sonra da Azərbaycan əhalisi ölkə amallarına sadiq
qalaraq bütün sahələrdə bu amallara bağlı olduqlarını nümayiş etdirdilər. İrana
qarşı başladılmış müharibə İran azərbaycanlılarının ölkəyə eşq və məhəbbətini
sübut etməsi üçün yeni bir sınaq idi. Azərbaycan regionu bu müharibədə birbaşa
düşmənin hücumlarına məruz qalmadığı halda çoxsaylı azərbaycanlılar maddi və mənəvi
dəstəklə yanaşı, döyüş meydanlarında iştirak etdilər, öz vəfadarlıqlarını praktiki və əməli
olaraq nümayiş etdilər.

-Azərbaycanda səfir kimi fəaliyyət göstərən bir şəxs
kimi, bu ölkə haqqında, onun xalqı haqqında təəssüratlarınız necədir? İş həyatınızı
sonadək Azərbaycanda səfir kimi çalışmaqla başa vurmaq istərdinizmi?
Azərbaycan
Respublikası daim müxtəlif etniklər və mədəniyyətlər toplusunun yaşadığı bir məkan
olub. Bu etniklərin və mədəniyyətlərin hər biri digərinə təsir edib və
bir-birindən təsirləniblər. Ölkə ərazisində məscidlərin, tarixi abidələrin
mövcudluğu bu mədəniyyətin göstəricisidir. Şiəlik bu məmləkətin əsas dini məzhəbidir,
sünnilər, xristianlar və yəhudilər kimi digər etniklər də bu ölkədə
mövcuddurlar. Azərbaycan əhalisinin mədəniyyəti və adət-ənənəsi bir çox cəhətdən
İranın ümumi mədəniyyəti ilə oxşardır. Azərbaycan əhalisinin bu gün danışdığı
dil Azərbaycan Respublikasından əlavə İranda da geniş yayılıb. Bu diyarın
folkloru və şifahi ədəbiyyatı özünün tarixi və dili kimi çox qədimdir və İranla
çoxlu müştərəkliklərə malikdir. Mən səfir olaraq daim bu kimi əsərlərin, adət-ənənələrin,
dini və məzhəbi inancların, ictimai dəyər və bağlılıqların şahidi oluram və
bütün bu müştərəkliklərdən ləzzət alıram. Bu səbəbdən də burada qürbət hissi
keçirmirəm və bu məmləkətdə daha çox qalmaq istərdim. Bu məmləkətin insanlarının
həyatının hər bir güşəsinə nəzər salsan, orada
şeir vardır, onun zülal bulaqları, xalılarının üstündə olan gül
butalarının rəqsi, aşıqlarının sazı-sözü misilsizdir. Azərbaycan əhalisi də ölkəmizin
sakinləri kimi Novruz bayramı, Qurban bayramı, Fitr bayramı və s. keçirirlər. Bu
bayramlar ümumilikdə İrandakı kimi keçirilir. Bu ölkənin əhalisi də Fitr və
Qurban bayramlarına xüsusi önəm verir və müxtəlif mərasimlər keçirirlər. Azərbaycan
əhalisi mübarək aylarda, eləcə də Aşura və Tasua mərasimlərində İranın müxtəlif
güşələrində olduğu kimi novhə oxuyur və əza məclisləri təşkil edir. Bütün
bunlar mənim bu ölkəyə daha çox sevgi bəsləməyimə səbəb olur.
Mehriban Məmmədzadə

