Search for:

Sabah bütün məscidlərdə 20 Yanvar xütbələri oxunacaq

Paylaş:


QMİ 20 yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb.


Qafqaz Müsəlmanları İdarəsi

(QMİ) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışların əziz xatirəsi əbədi olaraq yaşayacaq: “Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib.

20 Yanvar

bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolda ilk mənəvi qələbə oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi.


Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi qiymətləndirdi.


Bakıda isə

Şeyxülislam Allahşükür Paşazadə


SSRİ

Prezidenti

Mixail Qorbaçova

göndərdiyi ifşa dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi, birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda həlak olmuş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı”.


QMİ-nin bəyanatında qeyd edilib ki, dünya XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror –

Qarabağ münaqişəsi

,

Xocalı qətliamı,

20 Yanvar cinayəti də olduğunu bilməlidir: “Bu bir danılmaz həqiqətdir ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması xalqımızın ağrılı problemi olan Qarabağ məsələsinin bu günədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməyib. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərmişdir. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.


Azadlığı, müstəqilliyi Azərbaycan xalqı şəhid verərək qazandı. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanıblar”.


Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün qəhrəman övladlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir və bildirir ki, bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. “Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz

İlham Əliyevin

rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz ən ülvi arzusuna yetişəcəkdir, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq”.


Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar günü bütün məscidlərdə bu bəyanatın mətninin oxunmasını, “Axund və imamlar üçün xütbə nümunələri”ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə moizələr edilməsini, əziz şəhidlərimizin ruhlarına dualar edilməsini vacib sayıb.

42-ciparalel.az

Paylaş: