Müəllimlər maaşlarına artımları yanvarın sonunda, fevralın əvvəlində ala biləcək.
Azərbaycanın
12 bölgəsinin – 9 rayon və 3 şəhərinin diaqnostik qiymətləndirmədən keçən və yanvarın 1-dən maaşları artırılan müəllimlərin əməkhaqlarının artırılması üçün dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin məbləği açıqlanıb.
42-ciparalel.az-ın məlumatına görə,
Təhsil Nazirliyinin
Maliyyə şöbəsinin müdiri Rauf Orucov Trend-ə bildirib ki, bu məqsədlə dövlət büdcəsindən cari il ərzində əlavə olaraq 50 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
R.Orucov müəllimlərin maaşlarına artımları yanvarın sonunda, fevralın əvvəlində ala biləcəklərini deyib.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev bildirmişdi ki, əməkhaqlarının artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək. Əməkhaqları 30-40 faiz artırılacaq. Əməkhaqları daha çox, yəni 40 faiz artırılanlar pedaqoji stajı çox, fəxri adları olan müəllimlər olacaqlar.

İ.Nağıyevin sözlərinə görə, ötən ilin noyabr-dekabr aylarında ölkənin 12 rayon və şəhərində keçirilən diaqnostik qiymətləndirmədə 25 693 müəllim iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndirmədən keçə bilməyib. Buna görə də həmin müəllimlərin əməkhaqları yanvar ayından artırılmayacaq.
42-ciparalel.az onu da əlavə edir ki, bu gün prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında
sərəncam imzalayıb.

İlham Əliyev – Azərbaycan prezidenti
Sərəncamda qeyd olunur ki, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
42-ciparalel.az
