“Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir”
10 may 1923-cü ildə Azərbaycanın
gələcəyinə ümid olmayan bir zamanda, millət üçün ümid günəşi parladı. Bu
çıraq qədim Naxçıvan torpağından tutmuş bütün Azərbaycanı,
oradan da dünyanın altıda birini zülmətə salmış SSRİ məkanını da işıqlara qərq
etdi. Zülmətlərə işıq saçan bu günəş Heydər Əliyev idi.
1969-cu ildə Azərbaycana siyasi hakimiyyətə gələnədək çox çətin,
sıxıntılı, təzyiqli, lakin şərəfli bir yol keçdi Heydər Əliyev. Onun üçün böyük
vəzifə anlayışı yox idi. Sadəcə, qulluqda vəzifə böyümələri doğma Azərbaycanına
xidmət etmək imkanlarını və səlahiyyətlərini artırırdı. Ulu öndər kamil bir
şəxsiyyət olaraq dərk edirdi ki, SSRİ deyilən ədalətsiz bir imperiya uzun
müddət yaşaya bilməz. Çünki o, hadisələrin və böyük siyasətin mərkəzində
olduğundan təzahürdə görünməyənləri görürdü.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin 1-ci katibi seçildiyi zaman nəinki dünyada, heç müttəfiq
respublikalar arasında da tanınmayan Azərbaycanı ümumittifaq səviyyəsində
birincilər cərgəsinə qaldırdı. Onun rəhbərliyi altında aparılan islahatlar Azərbaycan
Respublikasının hər bir vətandaşının həyatına sirayət etdi. Ulu Öndər Azərbaycanda kənd təsərrüfatı və
sənaye islahatlarını çox bacarıqla aparırdı.
Heydər Əliyev o dövrdə Azərbaycanda ilk işartıları yaranan milli
ideologiyanın rövnəqləndirilməsinə yardımçı oldu. Neçə-neçə dissidenti, milli
düşüncəli insanı ölümdən, həbsdən qurtardı. Düzdür, həmin insanların azad
olunmasında bəzən bilavasitə iştirak edirdi. Heydər Əliyev bilirdi ki, gec-tez
bu quruluş dağılacaq. Dağılan zaman isə ölkəyə ancaq milli ruhlu insanlar sahib
çıxa bilərdi.
Heydər Əliyev milli ruhlu hərbi kadrların yetişdirilməsini də
qarşısına məqsəd qoymuşdu. O, dərk edirdi ki, ilk hərbi addımlarını doğma
Azərbaycanında atan gənc yüksək hərbi təhsilini harada alsa da Vətənə sədaqət hissi onun canından
çıxmayacaq. Heydər Əliyevin Sovet dövründəki xidmətlərini saymaqla bitirmək
olmaz. Həmin faktlar zaman keçdikcə Heydər Əliyev araşdırmaçıları tərəfindən
daha təfərrüatı ilə üzə çıxacaq.
Azərbaycan əsrin əvvəlindəki kimi əsrin sonunda da müstəqillik
əldə etmək imkanı qazandı. 18 oktyabr 1991-ci ildə Müstəqillik bəyannaməsi
imzalanaraq müstəqil Azərbaycan Respublikasi elan edildi. İlk vaxtlar xalqın
coğqusu ilə alovlanan hərakatın sonralar arxasında və başında duranların heç də
hamısının sağlam düşüncəli insanlar olmadığı müəyyən olunurdu.
Ulu Öndər qurucusu və ideoloqu olmuş Azərbaycanın
məhv
olmasını oturub ürəkağrısı
ilə seyr etmək istəmirdi. Dəfələrlə mövcud hakimiyyət rəhbərlərinə dövlətin
ümumi mənafeyi naminə bir ağsaqqal kimi məsləhət və tövsiyyələrini vermək
istəmişdi. Lakin qısqanc və dayaz siyasətbazlar ciddi cəhdlə buna mane olmuşdular.
1991-ci il müstəqilliyi də artıq siyası varısı elan olunduğu 1918-ci
il müstəqilliyinin taleyini yaşayırdı. Xalq hər an başı üzərini ala biləcək
təhlükəni görürdü. “El gücü sel gücü” deyib atalar. Bəli, xalq artıq
siyasi oyunlardan cana gəldi. Xalq öz xilaskarından Bakıya gəlməyi tələb etdi.
Nəhayət xalqın tələbi və xahişi ilə Heydər Əliyev Bakıya gəldi.
Xalqın çətin durumu Heydər Əliyevi sarsıtmadı. Çünki xalqına inam və xalqın ona
inamı Heydər Əliyevə sanki əlavə güc vermişdi. Xalq xilaskarından çox şey
istəyirdi. Bu istəklə də Heydər Əliyevə boyük səs faizi ilə səs verib 1993-cü
ildə özlərinə rəhbər seçdilər. “mən ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram” deyən dahi insan yorulmaq bilmədən müstəqillik yolunda
xalqına güvənərək inamla yüksəklərə qalxırdı. Heydər Əliyev həyatının ən gözəl
anlarını həsr edərək yaratdığı infrastruktur tamamilə dağılmışdır. Heydər
Əliyev hər şeyi sıfırdan başlayaraq müasir Azərbaycan Respublikası üçün
mükəmməl bir bünövrə qurdu. “Müstəqilliyimiz daimidir, əbədidir və
dönməzdir” şüarını bu gün biz böyük bir qürur hissi ilə özümüzə deviz
seçmişik.
Ulu öndər xalqının inkişafı naminə uzun zaman beynində
formalaşdırdığı milli ideoloji xətti artıq müstəqil Azərbaycan Respublikasının
inkişaf prioritetinə çevirdi. Ermənilərin hərbi təcavüzünün qarşısını almaq
üçün 12 may 1994-cü ildə Bişkek protokoluna əsasən atəşkəs elan olundu. Heydər Əliyev
müharibənin iqtisadi və sosial inkişafa ən böyük zərbə və təhlükə olduğunu
həmişə anlayırdı.
Dahi şəxsiyyət “İqtisadiyyatı güclü olan dövlət hər şeyə
qadirdir” deyərək ilk öncə iqtisadiyyatın dirçəldilməsinin vacibliyini
bildirdi. Heydər Əliyevin şəxsi nüfuzu və apardığı uğurlu siyasətin nəticəsi
olaraq, hətta böyük güc sahibi olan dövlətlərin də reallaşacağına inanmadığı
bir layihənin həyata keçirilməsi uğurla həyata keçirdi. Bu layihə 20 sentyabr 1994-cü ildə
Azərbaycan tarixinə “Əsrin müqaviləsi” adı ilə daxil oldu. Uğurlu
neft strategiyası Azərbaycanı bölgənin lider dövlətinə çevirdi.
Azərbaycan dünyada emənilərin xeyrinə olan informasiya bulokadasını məhz Heydər Əliyevin sayəsində qıra
bildi. O, dünyada Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut
edirdi. Azərbaycanda bütün sahələrdə köklü və əsaslı islahatlar aparıldı. Qısa
zamanda Azərbaycan iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi milyard
dollarlarla ölçülürdü.
Azərbaycan xalqı qarşısında sonsuz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev 12 dekabr 2003-cü ildə
ömrünün 80-ci qışında əbədiyyata qovuşaraq bütün ömrünü həsr etdiyi xalqının ürəyində
möhtəşəm və ucalıqda müqayisəsi olmayan canlı abidə yapdı.
Heydər Əliyev ömrünün sonuna kimi xalqına sadiq qaldı. İstəmirdi
ki, ondan sonra hansısa dağıdıcı qüvvə damla-damla qurmuş olduğu bu dövlətin
təməllərini sarsıtsın. Ona görə də o, özünün siyasi varisi kimi İlham Əliyevi
hazırlamışdı. “İlham Əliyevə mən özüm qədər inanıram” deməklə xalqa
İlham Əliyevin hansı keyfiyyətlərə malik olduğuna zəmanət vermiş oldu.
Xalq Ulu Öndərin
siyasi davamçısının ətrafında yumruq kimi birləşərək, İlham Əliyevi üç dəfə Azərbaycan Respublikasının
prezidenti seçdi. İlham Əliyevin düşünüldüyündən də artıq siyasi manerasının,
diplomatik gedişlərinin şahidi olduq. Heydər Əliyev siyasətinin layiqli
davamçısı qısa zamanda dünyada nüfuz sahibi oldu.
Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün region və dünya
dövlətlərinin başçıları Azərbaycan Respublikasının siyasi iradəsi qarşısında
hesablaşmaq məcburiyyətindədirlər. Heç bir regional layihə Azərbaycan
dövlətinin mənafeyinə və maraqlarına zidd olaraq reallaşa bilməz.
Heydər Əliyev siyasəti mütərəqqi, zamanla ayaqlaşan və çox vaxt
zamanını qabaqlayan, xalqa və Vətənə müqəddəs xidmət prinsipləri üzərində qurulmuş,
dünyada və ölkədə sülhü təbliğ edən bir siyasətdir.
Əziz
Əzizov
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı