Azərbaycanın bank sektoru şimaldan gələcək qasırğaya hazır olmalıdır
42-ciparalel.az
Rusiya iqtisadçıları ölkədə son 20 ilin ən ağır bank böhranının yaxınlaşdığını proqnozlaşdırırlar.
Bu ölkədə çox sayda azərbaycanlı iş adamının və əmək miqrantının işlədiyi nəzərə alınarsa, Moskvadan başlayan bu fırtınanın Azərbaycana toxunacağını ehtimal etməyə imkan verir.
Bu fikrin müəllifləri içində
German Qref
kimi nüfuzlu iqtisadçının olması da vəziyyəti müəyyən qədər dramatikləşdirir. Hazırda Rusiya Mərkəzi Bankının tabeçiliyində olan “Sberbank”a rəhbərlik edən German Qref “iri miqyaslı bank böhranı” barədə danışır: “1990-cı illərin sonundan bu yana belə vəziyyət yarandığını xatırlamıram. Son 20 il ərzində ilk dəfədir ki, bu cür mürəkkəb və uzun çəkən böhran gəlir”.
Əslində, Rusiya Mərkəzi Bankının göstəriciləri vəziyyəti elə də ağır göstərmir. Problemli kreditlər ümumi kredit həcminin 7,6%-ni təşkil edir ki, bu da Dünya Bankının (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) “böhran” həddi kimi müəyyən etdiyi 10%-dən aşağıdır. Həmçinin, dövlətin Əmanətlərin Sığortası Agentliyinə verdiyi vəsaitlər ümumi daxili məhsulun (ÜDM) 1,37%-inə bərabərdir ki, bu da DB və BVF-nin müəyyən elədiyi 2%-lik böhran həddindən xeyli aşağıdır.
Rusiya banklarının problemli kreditləri (milyard rubl)

Mənbə:Rusiya Mərkəzi Bankı