Search for:

Sahibkarlığın inkişafı iqtisadiyyatın dayanıqlığını təmin edəcək

Paylaş:



42-ciparalel.az







Azərbaycanda sahibkarlığın inkişafını təmin edəcək iqtisadi islahatlar davam etməkdədir. Hələlik ölkədə parlament seçkiləri getdiyindən sahibkarlığın fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə ara verilsə də dövlət başçısının imzaladığı sərəncam və fərmanlar sahibkarlığın inkişafı üçün stimul yaradıb. Etiraf edilməlidir ki, prezident İlham Əliyevin sahibkarlığın fəaliyyəi ilə bağlı imzaladığı son fərmanlar bu sahədə əməlli-başlı dönüş yaradıb. Daha dəqiq, ölkədə sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoyub. Çünki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə qəbul edilən qanuna əsasən bir-birini təkrarlayan çoxsaylı dövlət qurumlarının yoxlamalarına son qoyulub, vergi və gömrük yoxlamalarına ara verilib. Prezidentin imzaladığı fərmanın icrası olaraq bir sıra nazirlik və komitələr sahibkarlıq subyektlərində apardıqları yoxlamaları dayandırıblar. Məlumat üçün qeyd edək ki, son günlərdə insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti (BŞTXD) alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsini, eləcə də qurumun səlahiyyətinə aid olan yoxlamaları dayandırıb. Sirr deyil ki, sahibkarlığın inkişafına maneə olan amillərin aradan qaldırılması yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkiafı sahəsində dövlət büdcəsinin gəlirlərinin artmasına və ümumilikdə iqtisadiyyatın inkişafına səbəb olacaq.

Millət vəkili Əli Məsimli hesab edir ki, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin hüquqi normativ bazasının ayrı-ayrı elementləri daim təzələnsə də, hazırda fəaliyyət göstərən normativ hüquqi baza bütövlükdə sahibkarlığın qarşısında duran problemlərin həllinin sürətləndirilməsi üçün bir sıra məqamlarına görə yetərli deyil. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üzrə orta qanunvericilik bazası formalaşıb və onun təkmilləşdirilməsi istiqamətində sistemli olmasa da, müəyyən iş gedir: “Azərbaycanda bu sahədə əsas problem hüquqi normativ aktın olmaması yox, mövcud qanunların tam gücü ilə səmərəli işləməməsidir. Bu ciddi problemi həll etməkdən ötrü ölkədə iqtisadi və hüquqi islahatlar dərinləşdirilməlidir, hökumət strukturlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığı artırılmalıdır, koordinasiyası gücləndirilməlidir. Hesab edirəm ki, sahibkarlığın inkişafı və dəstəklənməsinə dair yeni qanunların qəbul edilməsi, köhnə qanunların təkmilləşdirilməsi, qanunlardakı boşluqların, eləcə də hüquqi-normativ aktlar arasında ziddiyyətlərin aradan aldırılması istiqamətində sistemli iş aparılmalı, normativ hüquqi aktların sui istifadəsi, maraqların konflikti məsələlərinə diqqət artırılmalı, qanunlar qəbul edilməzdən əvvəl ictimai müzakirədən keçirilməsi praktikası genişləndirilməlidir. Biz azad sahibkarlığın inkişafı üçün Rəqabət Məcəlləsini də qəbul etməliyik. Yəni azad sahibkarlığın qarşısında duran maneələrin aradan qaldırılması, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sahibkarlar üçün kreditlərin şərtlərinin yumşaldılması, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi istiqamətlərdə təsirli tədbirlər görülməlidir”. Sahibkarlığın ardıcıl inkişafını təmin edən ən mühüm məsələlərdən biri bu sahədə hüquqi bazanın möhkəmləndirilməsidir. İndiyədək ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı müxtəlif dövlət proqramları və qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də ötən ilin iyulunda qəbul olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. Qanunun əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanunda nəzərdə tutulub ki, sözügedən tələblərə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur. Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Bu istiqamətdə atılan addımlar ölkədə sahibkarlıq subyektinin inkişafı üçün yaşıl işıq yandırmış olur.

Paylaş: